
Narkotik haqqında danışanda qadın mövzusu çox vaxt kənarda qalır. Cəmiyyət bu bəlanı daha çox kişi obrazı ilə təsəvvür edir: küçə, pis dostlar, cinayətkar çevrə, gecə həyatı, şübhəli münasibətlər. Amma narkotik dünyasının qadın tərəfi də var. Hətta bu tərəf bəzən daha gizli, daha ağır və daha təhlükəlidir. Çünki qadın bu sistemdə yalnız istifadəçi kimi görünmür. O, bəzən aldadılan qurban olur, bəzən qorxudan susan insan olur, bəzən də başqa insanları cəlb etmək üçün istifadə olunan vasitəyə çevrilir.
Burada qadını günahlandırmaq asandır. Amma asan olan hər zaman doğru olmur. Bu mövzuya ciddi baxanda başqa mənzərə açılır. Narkotik dünyası qadını çox vaxt zəif yerindən tutur: yoxsulluğundan, təkliyindən, övladını saxlamaq dərdindən, boşanma sonrası müdafiəsizliyindən, işsizlikdən, ailə dəstəyinin olmamasından, “camaat nə deyər?” qorxusundan.
Bir qadın düşünün. Boşanıb. Uşağını tək böyüdür. Kirayə verir. Aliment ya yoxdur, ya da vaxtında gəlmir. İş tapa bilmir, tapdığı iş isə evin ən sadə ehtiyaclarına belə çatmır. Ailəsi ona arxa durmur. Cəmiyyət isə onun necə yaşadığını soruşmadan, necə davranmalı olduğunu deməyə hazırdır. Belə qadın isə cinayətkar çevrələr üçün müdafiəsiz real hədəf deyilmi?
Ona əvvəl böyük vədlər verilir. “Bir dəfəlikdir”, “heç kim bilməyəcək”, “sadəcə kömək edəcəksən”, “uşağın üçün pul qazanacaqsan” deyilir. Bəzən qadının ən həssas yerindən, ana olmasından istifadə olunur. Ən ağır məqam da budur: bir ananın övladını qorumaq hissi belə narkotik şəbəkələrinin əlində təzyiq vasitəsinə çevrilə bilir.
Qadın bir addım atır. Sonra ikinci addım gəlir. Sonra borc yaranır. Sonra qorxu başlayır. Sonra “indi çıxa bilməzsən” deyənlər ortaya çıxır. Bir müddət sonra o qadın artıq əvvəlki kimi qərar verə bilmir. Onu pul, qorxu, asılılıq, şantaj və utanc hissi ilə idarə etməyə başlayırlar.
Bəzi qadınlar bu sistemə “asan qazanc” üçün girmir. Bəziləri çıxış yolu tapa bilmədiyi üçün ora düşür. Bu fərqi görmədən verilən hər hökm yarımçıqdır. Bu, heç kimi təmizə çıxarmaq demək deyil. Başqasını narkotikə yaxınlaşdırmaq, aldatmaq, istifadə etmək, tələyə salmaq cinayətdir və buna bəraət yoxdur. Amma qadının bu nöqtəyə necə gətirildiyini görmədən yalnız nəticəni lənətləmək problemi həll etmir. Narkotik aləminin ən çirkli tərəflərindən biri də budur: əvvəl qadını zəiflədir, sonra həmin qadından başqalarını zəif salmaq üçün istifadə edir.
Bəzən qadın səsi, qadın ünsiyyəti, qadın yaxınlığı təhlükəni gizlətmək üçün seçilir. Çünki çox insan riski qadın simasında gözləmir. Sosial şəbəkədə yazan, mehriban danışan, etibar yaradan, münasibət görüntüsü verən bir qadının arxasında bəzən tək bir insan yox, bütöv çirkli çevrə dayana bilər.
Bu, qadınların hamısına şübhə ilə baxmaq üçün deyil. Əksinə, narkotik şəbəkələrinin necə alçaq işlədiyini anlamaq üçündür. Onlar qadının gözəlliyindən də istifadə edə bilirlər, səsindən də, münasibət yaratmaq bacarığından da, çarəsizliyindən də. Qadın bəzən özü də qorxu altında olur, amma eyni zamanda başqalarına yaxınlaşmaq üçün alətə çevrilir.
Bu vəziyyətin arxasında çox vaxt sərbəst seçim yox, asılılıq, borc, təzyiq, cinsi istismar, gizli görüntülərlə hədə, ailəyə deyilmək qorxusu və sosial damğa dayanır.Cəmiyyət isə çox zaman bu mənzərəni görmək istəmir.

Qadın narkotiklə bağlı problem yaşayanda ona kişi ilə eyni gözlə baxılmır. Kişi haqqında “xəstədir”, “pis yola düşüb”, “müalicə lazımdır” deyənlər qadına gələndə daha qəddar olurlar. Söhbət dərhal “ayıb”, “namus”, “əxlaq”, “adımız çıxar” sözlərinə bağlanır. Bu yanaşma qadını xilas etmir. Onu daha da susdurur. Bəzən qadını narkotik qədər “camaat nə deyər?” qorxusu da əsir saxlayır. Ailə problemi gizlədir. Qohumlar susdurur. Qonşular pıçıldayır. Cəmiyyət mühakimə edir. Nəticədə qadın kömək istəməyə yox, gizlənməyə məcbur qalır. Gizlənən problem isə yox olmur. Sadəcə daha təhlükəli hala keçir. Bu susqunluq da narkotik şəbəkələrinin işinə yarayır. Onlar yaxşı bilirlər ki, qadın adının hallanmasından qorxan ailə çox vaxt polisə, həkimə, mütəxəssisə gec müraciət edəcək. Bilirlər ki, qız uşağı ilə bağlı məsələ açıq danışılmayacaq. Bilirlər ki, cəmiyyət qadını qınamağa kömək etməkdən daha hazırdır. Bu qorxudan istifadə edirlər.
Məsələnin ən ağır tərəfi azyaşlı qızlardır. 12-13 yaşlı qız uşağının narkotik müalicəsinə düşməsi sadəcə bir ailənin faciəsi deyil. Bu, cəmiyyətə ünvanlanmış çox ağır sualdır. O yaşda uşaq narkotiki seçmir. O yaşda uşaq çox vaxt aldadılır, qorxudulur, yönləndirilir, özündən böyük insanların təsiri altına salınır. Bəzən sevgi adı ilə, bəzən dostluq adı ilə, bəzən sosial media vasitəsilə, bəzən də qorxu və şantajla. Belə bir uşağa ilk sual “niyə belə etdin?” olmamalıdır.
İlk sual bu olmalıdır: “Səni bu yerə kim gətirdi?” Kim onun inamından istifadə etdi? Kim onun yaşını, qorxusunu, təcrübəsizliyini fürsət bildi? Kim onun danışmağa qorxacağını hesabladı?
Kim onun qız uşağı olduğu üçün ailə tərəfindən susdurulacağını düşündü? Azyaşlı qurbanı günahlandıran cəmiyyət onu ikinci dəfə yaralayır. Əvvəl cinayətkarlar onun müdafiəsizliyindən istifadə edir, sonra cəmiyyət onu ayıbla susdurur. Bu, qəbul edilə bilməz.
Qız uşağı narkotik bataqlığına düşübsə, onu gizlətmək yox, xilas etmək lazımdır. Ailənin adı uşağın həyatından böyük ola bilməz. Heç bir “camaat nə deyər?” sualı 12 yaşlı bir qızın xilasından vacib deyil.
Eyni söz qadınlara da aiddir. Bir qadın narkotik şəbəkələrinin əlinə düşübsə, onun hekayəsini yalnız “əxlaq” ölçüsü ilə oxumaq ədalətsizlikdir. Bəlkə o qadın əvvəlcə yoxsulluğun içində tək qalıb. Bəlkə uşağını saxlamaq üçün çırpınıb. Bəlkə cinsi istismara sürüklənib. Bəlkə asılı vəziyyətə gətirilib. Bəlkə qorxudulub. Bəlkə də çıxmaq istəyib, amma çıxış qapısını tapa bilməyib. Bütün bunları görmədən yalnız qadını ittiham etmək narkotik canilərinin üzərindən məsuliyyəti götürür. Əsl hədəf görünməz qalır.
Hədəf qadının ehtiyacından qazanc götürənlərdir.
Hədəf onun analığını təzyiqə çevirənlərdir.
Hədəf onu asılı edib sonra istifadə edənlərdir.
Hədəf qadın səsini tələyə döndərənlərdir.
Hədəf qorxmuş qadını susduran və bu susqunluqdan yararlanan sistemdir.
Bu mövzuda cəmiyyətin də öz günah payı var. Biz çox vaxt qadından dözüm tələb edirik, amma ona dayaq olmuruq. “Ana müqəddəsdir” deyirik, amma tək ananın necə yaşadığını soruşmuruq. “Qadın namusdur” deyirik, amma qadın təhlükəyə düşəndə ilk olaraq onu qınayırıq. “Qız uşağını qorumaq lazımdır” deyirik, amma onunla açıq danışmağı ayıb sayırıq. Bu ziddiyyətlər cinayətkarların işini asanlaşdırır. Çünki qorxan qadın susur. Susdurulan qadın tək qalır. Tək qalan qadını idarə etmək daha asan olur. Bu dairəni qırmaq lazımdır.
Valideyn qızının dəyişən davranışını yalnız “kapriz” kimi görməməlidir. Müəllim şagirdin qəfil içinə qapanmasını, dərsdən soyumasını, qorxulu baxışlarını, izah olunmayan pul ehtiyacını, şübhəli çevrəsini diqqətsiz buraxmamalıdır. Cəmiyyət qadını damğalamağa yox, təhlükəni vaxtında görməyə çalışmalıdır. Qadını qorumaq onu evə həbs etmək deyil. Qız uşağını qorumaq onu susdurmaq deyil. Ailənin adını qorumaq həqiqəti gizlətmək deyil. Qorumaq danışmaqdır. Dinləməkdir. Vaxtında mütəxəssisə müraciət etməkdir. Qadının və qız uşağının kömək istəməsini ayıb yox, xilas yolu kimi görməkdir.
Bu yazını qadını günahsız elan etmək üçün yazmıram. Cinayət varsa, məsuliyyət də olmalıdır. Amma bu yazıda bir şeyi demək istəyirəm: narkotik dünyasında qadın məsələsi çox vaxt göründüyündən daha mürəkkəbdir. Orada istifadəçi də var. Qurban da var. Susdurulan da var.
İstismara məruz qalan da var. Başqasını tələyə çəkməyə məcbur edilən də var. Hamısını eyni sözlə damğalamaq həqiqəti öldürür.
Narkotik qadını yalnız maddə ilə məhv etmir. Onun ehtiyacını, utancını, sevgisini, analığını, qorxusunu və cəmiyyətin qınağını ona qarşı silaha çevirir. Bu səbəbdən qadınların bu bəladan qorunması təkcə ailə məsələsi deyil. Bu, sosial məsələdir. Hüquqi məsələdir. Təhsil məsələsidir. İnsanlıq məsələsidir.
Əgər tək qalan qadın köməksizdirsə, cinayətkarlar ona yaxınlaşacaq. Əgər qız uşağı ailəsinə dərdini deyə bilmirsə, təhlükəli adamlar onu dinləyirmiş kimi davranacaq. Əgər qadın narkotik bəlasına düşəndə dərhal damğalanırsa, o müalicəyə yox, gizlənməyə qaçacaq. Əgər cəmiyyət susursa, bu susqunluq ən çox cinayətkarların işinə yarayacaq. Ona görə narkotikin qadın üzünə baxmaqdan qorxmamalıyıq. Bu üzdə yalnız fərdi səhvlər yoxdur. Orada yoxsulluq var, tək analıq var, sosial laqeydlik var, cinsi istismar var, şantaj var, azyaşlı qızların müdafiəsizliyi var, qadını tez qınayıb gec qoruyan cəmiyyət var. Və bütün bunların üzərində qazanc quran amansız bir sistem var. O sistemi narahat etmək istəyiriksə, ilk növbədə susqunluğu pozmalıyıq.
Qadını qınamaq asandır. Onu vaxtında qorumaq çətindir. Qız uşağını danlamaq asandır. Onun qorxusunu anlamaq çətindir. Ailənin adını qorumaq asandır. Uşağın həyatını qorumaq isə daha vacibdir. Bu gün biz daha vacib olanı seçməliyik. Çünki narkotikin qadın üzü susduqca böyüyür.
Danışdıqca isə bir qadını, bir qızı, bir ananı, bəlkə də bir ailənin gələcəyini xilas etmək şansı yaranır.
Sərkərdə Sərxanoğlu

Bəyən