Valideyn korluğu: narkotik bəlası həmişə küçədən gəlmir

Narkomaniya haqqında cəmiyyətdə çox rahatladıcı bir fikir var: guya bu bəla yalnız dağılmış ailələrdə, nəzarətsiz mühitlərdə, küçədə böyüyən uşaqların həyatında olur. Bu fikir valideynə bir az rahatlıq verir. Adam düşünür ki, “bizim evdə belə şey olmaz”, “mənim uşağım elə mühitdə deyil”, “biz normal ailəyik”. Amma həyat çox vaxt bu qədər sadə olmur.

Bağımlılık Aileden Etkilenen ve Aileyi Etkileyen Bir Hastalıktır | Yeşilay

Asılılıq ailənin adına, evin böyüklüyünə, valideynin təhsilinə, uşağın oxuduğu məktəbə baxmır. Bəzən ən ağır fəlakətlər kənardan sakit, mədəni, hətta nümunəvi görünən ailələrin içində baş verir. Evdə hər şey yerindəymiş kimi görünür: səhər yeməyi, məktəb, universitet, ailə söhbətləri, bayram şəkilləri, qonaqların yanında gülümsəyən valideynlər. Amma bütün bunların arxasında uşağın içində yavaş-yavaş böyüyən bir boşluq ola bilər. Ən ağrılı sual da buradan başlayır: eyni evdə yaşayan valideyn bunu necə görmür? Bəzən cavab çox sadədir. Görmək istəmir. Bu, həmişə laqeydlik deyil. Bəzən qorxudur. Bəzən insanın özünü qorumaq cəhdidir. Valideyn uşağında qəribə dəyişikliklər hiss edir, amma ağlına gələn ən ağır ehtimalı özündən uzaqlaşdırır. Çünki onu qəbul etmək çox çətindir.

Uşaq qəfil əsəbiləşir, otağına çəkilir, əvvəlki kimi danışmır. Valideyn deyir: “Yeniyetməlikdir, keçib gedər”. Yuxu rejimi pozulur, gözlərində yorğunluq, davranışında soyuqluq yaranır. Valideyn deyir: “dərsləri çoxdur, stress keçirir”. Evdə pul azalır, bəzi əşyalar yoxa çıxır, xərcləri izaholunmaz şəkildə artır. Valideyn yenə özünü sakitləşdirir: “bəlkə də mən səhv xatırlayıram”, “uşaqdı, böyüyür, ehtiyacları çoxalır”. Bu cümlələr bəzən sadəcə izah deyil, müdafiədir. Valideyn uşağını qoruduğunu düşünür, əslində isə özünü həqiqətdən qoruyur. Çünki “mənim uşağımda problem var” demək asan deyil. Bu cümlənin içində günahkarlıq var, utanc var, qorxu var. Valideyn özünə sual verir: “harada səhv etdim?”, “nəyi görmədim?”, “bu bizim evdə necə baş verdi?” Elə buna görə də bir çox ailələr problemi çox gec dərk edir və gerçək adını dilə gətirirlər. Əlamətlər göz qabağında olur, amma onların adı qoyulmur.

Bu gün təhlükə əvvəlki kimi yalnız küçədə deyil. Valideyn uşağını evdə görəndə rahatlaşır. Düşünür ki, qapı bağlıdırsa, uşaq təhlükəsizdir. Amma indi otağın qapısı bağlı olsa da, uşağın içində olduğu mühit tamamilə başqa yerdə ola bilər. Telefon, sosial şəbəkələr, gizli yazışmalar, yad insanların təsiri, qruplar, təzyiq, maraq, təklik hissi. Bunların hamısı uşağın otağına səs salmadan girə bilir. Valideyn isə çox vaxt yalnız fiziki təhlükəni izləyir: hara getdi, kimlə çıxdı, nə vaxt qayıtdı. Halbuki bəzən ən böyük təhlükə uşağın harada olması ilə yox, kimin təsiri altında olması ilə bağlıdır. Bu məqamda valideynlərin rəqəmsal dünyadan geri qalması da ciddi problemə çevrilir. Uşaq hansı dildə danışır, hansı zarafatları başa düşür, hansı qruplarda özünü qəbul olunmuş hiss edir, hansı adamlara inanır, valideyn bunları bilmirsə, onunla eyni evdə yaşasa da, eyni həyatı yaşamır.

Çocuğum Madde Kullanıyor mu? | Yeşilay

Asılılıq çox vaxt birdən-birə başlamır. Əvvəlcə boşluq olur. Sonra maraq. Sonra “bir dəfəlik” düşüncəsi. Sonra gizlətmə. Sonra yalanlar. Sonra ailədən uzaqlaşma. Və bir gün valideyn anlayır ki, artıq uşağı ilə danışanda qarşısındakı əvvəlki uşaq deyil. Ən çətin mərhələ də bundan sonra başlayır. Valideyn həqiqəti görəndə çox vaxt qorxu ilə hərəkət edir. Qışqırır, ittiham edir, telefonu əlindən alır, qapıları bağlayır, dostlarını qadağan edir, uşağı nəzarət altına almağa çalışır. Onun niyyəti xilas etməkdir, amma bilmirlər ki, bu üsul bəzən tam əks nəticə verir. Çünki asılılıq yaşayan insana yalnız qadağa ilə yaxınlaşmaq onu açmır, daha da bağlayır. O, evdə özünü müttəhim kimi hiss etdikcə, onu “başa düşdüyünü” iddia edən zərərli mühitə daha çox çəkilə bilər. Halbuki həmin mühitin verdiyi anlayış həqiqi anlayış deyil. Çox vaxt bu, sadəcə manipulyasiyadır. Amma uşağın o anda ehtiyac duyduğu şey də məhz budur: dinlənmək, alçaldılmamaq, tamamilə silinməmək. Bu, o demək deyil ki, valideyn sərhəd qoymamalıdır. Əlbəttə qoymalıdır. Amma sərhədlə təhqir eyni şey deyil. Nəzarətlə terror eyni şey deyil. Narahatlıqla alçaltmaq eyni şey deyil. Valideyn uşağına belə bir mesaj verə bilməlidir: “Sənin etdiyini qəbul etmirəm, amma səni atmayacağam. Bu problemi gizlətməyəcəyik, amma səni də tək buraxmayacağıq”. Bəlkə də ailələrdə ən çox çatışmayan cümlə budur. Biz çox vaxt uşaqlarımızın uğurunu dinləməyə hazırıq. Yaxşı qiymət alanda, yarışda qalib gələndə, gözəl davrananda, bizi qürurlandıranda onları qucaqlayırıq. Amma uşaq qorxanda, səhv edəndə, zəifləyəndə, pis seçimə yaxınlaşanda, eyni qucağı tapa bilirmi? Əsas sual budur. Çünki uşaq valideyninə yalnız yaxşı xəbərlə yaxınlaşa bilirsə, deməli, pis xəbəri başqa yerdə gizlədəcək. Əgər evdə hər səhv faciəyə çevrilirsə, uşaq səhvini etiraf etməyəcək. Əgər valideyn yalnız hakim kimi davranırsa, uşaq müdafiəyə keçəcək. Müdafiəyə keçən uşaq isə həqiqəti demir, yalnız yaxalanmamağı öyrənir.

Küçük bedenlerin büyük imtihanı: Uyuşturucu - İnsan Hakları ve Bağımsız  Medya Projesi

Narkomaniya ilə mübarizə təkcə polis, həkim və reabilitasiya mərkəzlərinin işi deyil. Bu mübarizə çox vaxt evdə, adi bir söhbətin içində başlayır. Uşağın səsini eşitməkdə, davranışındakı dəyişiklikləri ciddiyə almaqda, onu nəzarət adı ilə boğmadan yanında dura bilməklə başlayır. Valideyn olmaq yalnız uşağın yeməyini, məktəbini, geyimini təmin etmək deyil. Valideyn olmaq həm də onun susqunluğunu oxumaqdır. Onun “heç nə olmayıb” cümləsinin arxasında nəyin gizləndiyini hiss etməyə çalışmaqdır. Onu günahlandırmadan əvvəl ona yaxın olmaqdır. Bəlkə də ən ağır həqiqət budur: bəzi uşaqlar kömək istəmir kimi görünür, amma əslində necə kömək istəyəcəyini bilmir. Ona görə də valideynin qarşısında çox sadə, amma çox ciddi bir seçim dayanır. Övladının həyatında yalnız hökm verən insan olacaq, yoxsa o yıxılanda qayıda biləcəyi təhlükəsiz yer? Bəzən bir ailənin taleyini məhz bu sualın cavabı dəyişir.

Sərkərdə Sərxanoğlu

Şərhlər
Şərh yaz
  • Смайлы и люди
    Животные и природа
    Еда и напитки
    Активность
    Путешествия и места
    Предметы
    Символы
    Флаги
{sape_links}