Məktəb təkcə dərs cədvəli, zəng səsi, lövhə və qiymətdən ibarət deyil. Orada hər gün yüzlərlə müxtəlif taleli uşaq bir araya gəlir. Kiminin evində sevinc var, kiminin evində sükut. Kimi dərsə hazır gəlir, kimi gecə boyu ailəsində yaşanan gərginliyin ağırlığını özü ilə məktəbə gətirir. Bəzən bir şagirdin çantasındakı kitablar qaydasında olur, saçları daranmış görünür, amma içində nə yaşadığını heç kim bilmir. Bir səhər müəllim sinfə girəndə həmişə ikinci cərgədə oturan şagirdin başını partanın üstünə qoyduğunu görür. Adətən dərs başlamamış dostları ilə danışan, nəyəsə gülən uşaq o gün heç kimə baxmır. Müəllim dərsini keçir, heç nə soruşmur. Amma zəng çalınandan sonra ona yaxınlaşıb sakitcə deyir: “Son vaxtlar səni əvvəlki kimi görmürəm”. Uşaq əvvəl susur. Sonra sadəcə “heç nə” deyir. Bəzən insanın içində ən çox şey məhz bu iki sözdə gizlənir. Məktəbin ən böyük işi uşağa riyaziyyat, tarix və ya dil öyrətmək deyil. Bunlar, əlbəttə, vacibdir. Amma məktəb insanın özünü tanımağa başladığı ilk böyük mühitdir. Uşaq burada dostluq etməyi, uduzmağı, öz fikrini deməyi, haqsızlıqla qarşılaşmağı, bəzən də susmağı öyrənir. Onun xarakteri, dünyaya baxışı, özünə inamı çox vaxt məhz bu illərdə formalaşır. Ona görə məktəbə yalnız bilik verilən yer kimi baxmaq azdır. Məktəb həm də insanın həyatında nəyinsə yolunda getmədiyini ilk hiss edə bilən ən həssas məkanlardan biridir. Bu həssaslığın mərkəzində isə müəllim dayanır. Müəllim bəzən bütün sinfin içində ən sakit uşağın niyə birdən-birə aqressivləşdiyini görür. Həmişə dərsə maraq göstərən şagirdin gözlərindəki yorğunluğu hiss edir. Söhbətə qoşulan, zarafat edən bir uşağın günlərlə susduğunu, dostlarından uzaqlaşdığını, məktəbə gecikməyə başladığını, dərsə diqqətini toplaya bilmədiyini ilk fərq edən adam çox vaxt müəllim olur. Çünki valideyn övladını daha çox evdə görür, dostlar öz yaşıdlarının dəyişikliklərini adi hal saya bilər, amma müəllim uşağı hər gün eyni mühitdə, eyni insanlarla, eyni ritmdə müşahidə edir.
Bəzən narkotik sinif otağına müəllimdən əvvəl girir. Müəllim bunu birbaşa görməyə də bilər. Çünki bu təhlükə həmişə gözlə görünən, dərhal seçilən hadisə kimi gəlmir. O, əvvəlcə şagirdin davranışında görünə bilər: qəfil və səbəbsiz qəzəbdə, dərsdən uzaqlaşmaqda, göz kontaktından qaçmaqda, dost çevrəsini dəyişməkdə, ailədən və məktəbdən soyumaqda. Bəzən isə ən sakit görünən uşağın içində başlayan qapanmada. Amma burada bir vacib həqiqət var: hər dəyişiklik təhlükə demək deyil. Yeniyetməlik özü dəyişiklik dövrüdür. Uşaq bir gün danışqan, bir gün susqun ola bilər. İmtahan, ailə problemləri, dostla mübahisə, maddi sıxıntı, valideynlər arasındakı gərginlik — bunların hər biri onun davranışına təsir edə bilər. Ona görə də müəllimin işi şübhə ilə hökm vermək deyil. Onun işi görmək, hiss etmək, tələsmədən yaxınlaşmaq və “Sənə nə olub?” sualını insan kimi verməkdir. Bu sual sadə görünür. Amma bəzən bir uşağın eşitmək üçün ən çox gözlədiyi sual məhz budur. Çünki çox uşaq dərdini danışmağı bacarmır. Hətta danışmaq istəyəndə də onu dinləyən adam tapmır. Evdə valideyn yorğun olur, işdə olur, əsəbi olur. Uşaq “mənə qulaq asmırlar” hissi ilə böyüyür. Məktəbdə isə müəllim onu bir dəfə də olsa diqqətlə dinləyəndə, danlamadan, alçaltmadan, dərhal mühakimə etmədən soruşanda, o uşaq bəlkə də ilk dəfə anlayır ki, kimsə onu görür.

Bu, müəllimin çiyninə yeni bir yük qoymaq çağırışı deyil. Onsuz da müəllimlərin yükü az deyil: sinifdə say çoxdur, proqram var, kağız işi var, valideynlərlə münasibət var, bəzən öz şəxsi qayğıları var. Heç kim müəllimdən hər problemi həll etməyi gözləyə bilməz. O, nə narkoloqdur, nə polis, nə də hər uşağın həyatının bütün gizli tərəflərini bilməli olan adamdır. Amma müəllimin öz peşəsinin içində onsuz da böyük bir müşahidə gücü var. Bəzən taleyi dəyişən də məhz həmin güc olur. Bir müəllimin diqqəti necə görünür? Bu, şagirdi sinfin qarşısında sıxışdırmaq deyil. “Sən niyə belə olmusan?” deyib onu hamının yanında utandırmaq deyil. Valideynə dərhal zəng edib ittiham dili ilə danışmaq da deyil. Diqqət daha sakit bir şeydir. Dərsdən sonra uşağı bir neçə dəqiqə saxlamaqdır. “Son vaxtlar özün deyilsən, bəlkə danışmaq istədiyin bir şey var?” deməkdir. Onun sözünə inanmaqdır. Hər cümləsinin arxasında günah axtarmamaqdır. Lazım gələrsə, məktəbin psixoloquna, rəhbərliyinə, ailəsinə düzgün və ehtiyatlı şəkildə məlumat verməkdir. Bir çox böyüklərin ən böyük səhvi uşağın davranışındakı dəyişikliyi dərhal tərbiyəsizlik kimi yozmasıdır. Uşaq dərsə hazır deyil — deməli, tənbəldir. Sual veriləndə əsəbiləşir — deməli, hörmətsizdir. Sinifdən uzaq gəzir — deməli, özünü bəyənir. Ev tapşırığını etmir — deməli, məsuliyyətsizdir. Halbuki bəzən bu davranışların arxasında uşağın özünün də adlandıra bilmədiyi bir sıxıntı dayanır. Müəllim təcrübəsi ilə bilir ki, uşağın susması ilə sakitliyi eyni şey deyil. Bir şagirdin dərsə marağının azalması həmişə zəiflik deyil. Bəzən bu, kömək istəməyin səssiz formasıdır. Bəzən “mənə baxın” deməyə dili gəlməyən bir uşağın davranışıdır. Elə buna görə də məktəbdə yalnız intizama deyil, insanın halına da diqqət lazımdır.
Narkotiklə bağlı təhlükə də çox vaxt bir gündə yaranmır. Uşaq bir səhər evdən çıxıb başqa insana çevrilmir. Onun həyatında əvvəlcə boşluqlar yaranır: özünü dəyərsiz hiss edir, ailədən uzaqlaşır, dost çevrəsində qəbul olunmaq istəyir, “yox” deməyi bacarmır, kiməsə özünü sübut etməyə çalışır. Bəzən yaşadığı çətinlikdən qaçmaq üçün yanlış qapıya yönəlir. Bəzən də heç bir böyük ona vaxtında “Sən hara gedirsən?” sualını vermir. Bu sual nəzarət üçün yox, qayğı üçün verilməlidir. Uşaqlar böyüklərin düşündüyündən daha çox şeyi hiss edirlər. Kiminsə onları həqiqətən dinlədiyini də anlayırlar, formal olaraq soruşduğunu da. Müəllim “mən sənin tərəfindəyəm” hissini verəndə, şagirdin həyatında görünməyən bir dayaq yaranır. Bu dayağın gücünü bəzən illər sonra anlamaq olur. Müəllimin görünməyən məsuliyyəti də budur: o, sinifdə təkcə əl qaldıranları, cavab verənləri, qiymət alanları görmür. Bəzən hamının gözündən yayınan uşağın susqunluğunu da görür. Çünki hər şagird kömək istəyəndə bunu sözlə demir. Bir uşağın yaddaşında müəllimin dediyi hər söz qalmır. Amma ona ən çətin günündə necə baxıldığı qalır. O gün müəllimin səsində qınamaq yox, anlayış olubsa, bu hiss unudulmur. Uşaq böyüyür, məktəbi bitirir, başqa şəhərə gedir, bəlkə illərlə həmin müəllimini görmür. Ancaq özünü hamıdan uzaq hiss etdiyi bir gündə kimsənin onu fərq etdiyini xatırlayır. Bəzən insanı səhv yoldan geri döndərən nəsihət olmur. Sadəcə, onu kimsənin gözlədiyini bilməsidir. Hər kəsin yaddaşında onu dəyişən bir müəllim olur. Kimi üçün bu, ilk dəfə bacarığına inanan müəllimdir. Kimi üçün evdə eşitmədiyi xoş sözü deyən müəllimdir. Kimi üçün səhvini hamının yanında bağırmadan izah edən insandır. Kimi üçün isə ən çətin vaxtında heç nə soruşmadan, sadəcə yanında dayanan adamdır. Müəllimlərin talelərə təsiri həmişə görünən formada olmur. Bəzən bir cümlə, bir baxış, bir inam insanın içində uzun illər yaşayır.

Məktəbdə narkotik təhlükəsindən danışanda ilk növbədə qorxu yaratmaq düzgün deyil. Uşağa hər yerdə təhlükə olduğunu deyib onu həyatdan, dostluqdan, ünsiyyətdən qorxutmaqla nəticə almaq çətindir. Qorxu insanı bəzən bir müddət saxlayır, amma içində cavab yaratmır. Uşağa yalnız “uzaq dur” demək kifayət etmir. Ona “niyə uzaq durmalıyam?”, “özümü çətin vəziyyətdə necə qorumalıyam?”, “mənə nəsə təklif olunanda kimə müraciət edə bilərəm?” suallarının cavabı lazımdır. Ən əsası isə ona özünün dəyərli olduğu hissi lazımdır. Özünü dəyərli hiss edən uşaq, adətən, onu alçaldan, zəiflədən, həyatını qaraldan seçimlərə qarşı daha möhkəm dayanır. Çünki insanın içində boşluq olanda, onu nə ilə dolduracağını başqaları müəyyən etməyə başlayır. Məktəb də həmin boşluğun yaranmaması üçün ən vacib ünvanlardan biridir. Bir uşağın yanlış çevrəyə düşməsi hamının gözü qarşısında baş vermir. Əvvəlcə onun bir az daha çox susduğunu görürük. Sonra dərsdən soyuduğunu. Sonra “keçər” deyib ötürürük. Halbuki bəzən həyatdakı ən böyük uçurumlar elə “keçər” deyilən yerdən başlayır. Məhz buna görə müəllimin diqqəti nəzarət mexanizmi deyil; insanı tək qoymamaqdır.
Dediyim kimi, bu, bütün məsuliyyətin məktəbin üzərinə qoyulması demək deyil. Narkotiklə mübarizə tək müəllimin, tək valideynin, tək polis əməkdaşının və ya tək bir kampaniyanın işi deyil. Bu, ailənin, məktəbin, məhəllənin, dost çevrəsinin, medianın, dövlət qurumlarının və ümumiyyətlə cəmiyyətin ortaq məsuliyyətidir. Uşağı qorumaq üçün hər kəs öz yerində düzgün dayanmalıdır. Ailə övladının dostlarını, qayğılarını, gündəlik həyatını bilməlidir. Məktəb şagirdin davranışındakı dəyişiklikləri yalnız qiymət cədvəlində görməməlidir. Cəmiyyət kömək istəyən uşağı damğalamamalıdır. Media bu mövzunu sensasiya naminə deyil, insan taleyi kimi təqdim etməlidir. Dövlət qurumları isə yalnız nəticə ilə yox, səbəblərlə də mübarizə aparmalıdır. Çünki gənci qorumaq, onun səhv addımından sonra onu cəzalandırmaqdan daha böyük və daha çətin işdir. Bəzən müəllim bu zəncirin ilk halqasına çevrilir. O, təhlükəni dəqiq adlandırmaya bilər. Amma bir şeyin dəyişdiyini hiss edə bilər. Məhz həmin hiss onun ən böyük üstünlüyüdür. Uşaq dərsə gecikəndə, daha əvvəl cavab verməyə həvəsli olduğu halda indi başını aşağı salanda, sinifdə özünü yad kimi aparanda, müəllim bunu görür. Görmək isə bəzən taleyin istiqamətini dəyişmək deməkdir.

Bir məktəb müəlliminin danışdığı sadə bir hadisə var. Sinifdə həmişə fəal olan bir şagird birdən-birə dərslərdən uzaqlaşıb. Əvvəl müəllim bunu imtahan yorğunluğu sayıb. Sonra uşaq daha çox dərs buraxmağa, sinif yoldaşları ilə dalaşmağa başlayıb. Müəllim onu cəzalandırmaq əvəzinə bir gün sakitcə söhbətə çəkib. Uşaq dərhal danışmayıb. Bir neçə gün keçib. Amma o ilk söhbətdən sonra müəllimin yanına özü gəlib, evdə və çevrəsində yaşadığı gərginlikdən danışıb. Müəllim məktəb psixoloqu və ailə ilə birlikdə məsələyə diqqət yetirib.Bu hadisənin ən dəyərli tərəfi odur ki, müəllim “bu mənim işim deyil” deməyib. Bəlkə də həmin anda heç bir böyük qəhrəmanlıq baş verməyib. Sadəcə, bir müəllim şagirdinə insan kimi yanaşıb. Bəzən insanın taleyi də elə böyük addımlarla yox, adi görünən düzgün davranışlarla dəyişir. Müəllim peşəsinin böyüklüyü də buradadır. Müəllim yalnız dərs izah etmir; o, bəzən uşağın özünə izah edə bilmədiyi halını anlayır. O, bəzən uşağın evdə eşitmədiyi sualı verir. Bəzən onun ən zəif vaxtında qarşısına çıxan ilk yetkin insan olur. Müəllimin sözünün çəkisi də buradan gəlir. Əlbəttə, müəllim də insandır. O da hər şeyi görməyə, hər davranışı düzgün yozmağa borclu deyil. Bəzən o da yanılar, bəzən gecikər, bəzən nə edəcəyini bilməz. Amma müəllimlik mükəmməl olmaq deyil; diqqətli olmaqdır. Şagirdin içində yaranan qaranlığı ilk anda tam anlamaq mümkün olmaya bilər. Yetər ki, o qaranlıq görməzdən gəlinməsin.
Bu gün məktəblərdən daha çox nə gözləməliyik? Daha çox qayda, daha çox cəza, daha çox qorxutma? Bunlar müəyyən həddə lazım ola bilər. Amma ən çox lazım olan şey məktəbin içində insan münasibətinin güclənməsidir. Uşaq müəllimindən çəkinə bilər, amma ondan qorxmamalıdır. Məktəbə getmək onun üçün yalnız hesabat vermək hissi yaratmamalıdır. O bilməlidir ki, səhv etdikdə də, çətinliyə düşdükdə də danışa biləcəyi bir böyüyü var. Narkotiklə mübarizənin ən güclü tərəfi yalnız qadağa deyil. Ən güclü tərəfi vaxtında qurulan münasibətdir. Uşağın özünü tənha hiss etməməsidir. Bir müəllimin “mən səni görürəm” deməsidir. Bir valideynin “mən səni dinləyirəm” münasibətidir. Bir məktəbin “sən bizim üçün sadəcə qiymət deyilsən” mesajıdır. Məktəb bəzən uşağın evdən sonra ən çox vaxt keçirdiyi yerdir. Ona görə burada deyilən hər sözün, göstərilən hər diqqətin, edilən hər haqsızlığın və hər yaxşılığın izi qalır. Müəllim bir gün şagirdinin gözündə yaranmış fərqi görürsə, onu yalnız intizam problemi kimi qəbul etməməlidir. Bəlkə ortada adi bir yorğunluq var. Bəlkə ailə qayğısı var. Bəlkə də daha ciddi bir təhlükənin ilk kölgəsi görünür. Həmin anda lazım olan şey ittiham deyil, qayğıdır. Sorğu-sual deyil, söhbətdir. Damğa deyil, dəstəkdir.
Bütün müəllimlər hər şagirdin həyatını dəyişə bilməz. Buna heç kimin gücü çatmaz. Amma bir müəllim bir şagirdin həyatında vaxtında görünə bilər. Onun susqunluğunu eşidə bilər. Yanlış istiqamətə getdiyini hiss edə bilər. Ona yenidən ayaqda durmaq üçün səbəb verə bilər. Müəllim bəzən jurnalın qarşısında oturan bir adam kimi görünür. Amma o jurnalın qarşısında talelər oturur. Kiminin təkcə qiyməti aşağı düşür, kimininsə həyatı səssizcə əlindən sürüşməyə başlayır. Müəllimin diqqəti hər dəfə möcüzə yaratmaya bilər. Lakin bəzən bir uşağın həyatında ən vacib fərqi yaradan şey, onu vaxtında görən bir cüt göz olur. Və bəzən, həqiqətən də, bir müəllimin diqqəti bir insanın həyatını xilas edə bilər. Bu, heç bir protokola yazılmaya bilər. Heç kim bununla bağlı hesabat istəməyə bilər. Amma bir gün böyümüş o şagird geriyə baxanda, yolunu dəyişən şeyin böyük bir nitq yox, vaxtında verilmiş sadə bir sual olduğunu xatırlayar: “Sən yaxşısan?”
Sərkərdə Sərxanoğlu

Bəyən