Haqqımda
Qısa tərcümeyi-halım
(Bir CV misalı)
Gürcüstanda doğuldum. İbtidai təhsilimi dogma kəndim Kolayırda (indi adını dəyişib Tsurtavi qoyublar), beşinci və altıncı sinifləri isə Marneulidə internat məktəbində oxudum.
(10 yaşında müstəqil həyata atılmanın insanın şəxsiyyətinə olduqca müsbət təsir etdiyini sonralar dərk etdim).
Kitabla tanışlığım çox erkən başladı. Dörd, ya da beş yaşımda artıq oxumağa başlamışdım. Ailəmdə hər kəs boş zamanını kitab oxuyaraq keçirərdi. Bunun da təsiri olmalıdır ki, çox kiçik yaşlarımdan kitaba bağlandım və bu günə qədər də heç ayrılmadım.
İnternatda oxuduğum dönəmlərdə peşəkar futbol da oynadım, şahmat da. Son illərdə futbolu buraxdım, şahmat isə kitablar kimi həyatımın ayrılmaz parçası olaraq qalmaqdadı.
6-cı sinifi bitirdikdən sonra, 1989-da İslam dayımın təkidi ilə Bakıya gəldim. Yüksək balla 1 saylı Fizika-Riyaziyyat və İnformatika təmayüllü liseyə qəbul olundum. (Dayım özü həmin liseyi bitirmişdi və israrla mənim də orada oxumağımı istəyirdi. Ona hər zaman mütəşəkkirəm)
Lisey həyatım başarılı keçdi. Təhsilimi əla qiymətlərlə başa vurdum, dəfələrlə riyaziyyat olimpiadalarında uğurlar qazandım.
Nailiyyətlərlə dolu məktəb dönəmi keçirməmə rəğmən, ali təhsilə gedən yola elə başlanğıcdaca uğursuzluqla qədəm qoydum.
(Universitetə imtahan verəcəyim gün yatıb qaldım və imtahana düz 1 saat gecikdim. Çox xahiş-minnnətdən, yalvar-yaxardan sonra imtaha buraxıldım. 20-30 dəqiqə də imtahan vərəqini almama və s. getdi. Bir sözlə 3 saatlıq imtahan vaxtının yarısı boşa getmişdi.)
Ən böyük arzum idarəetmə üzrə təhsil almaq olsa da, bir saat yarıma topladığım 360 bal bu istəyimin gerçəkləşmsi üçün yetmədi. Həmin bala uyğun olaraq Mingəçevir Politexnik İnstitutunun enerji mühəndisliyi bölümünü seçdim.
İkinci kursun başlanğıcında özümü uşaqlıqdan ilgi duyduğum jurnalistikada sınamaq qərarına gəldim.
(Bu həvəsimin əslində gəlcək həyatımı və yolumu şəkiləndirən bir addım olduğunu təxmin belə etmirdm.)
Mingəçevirdə yerli qəzet “Səda”da müxbir kimi ilk addımlarımı atdığım zaman 18 yaşım vardı və qısa müddət sonra gözəl insan, qayğıkeş dost Ehtiram Muradlının rəhbəri olduğu MİP adlı aylıq qəzetdə işləmək dəvəti aldım.
1997-ci ildə, 3-cü kursda ikən bir iş dalıyca Mingəçevirdən Bakıya gəlmişdim. Həmyerlim və ailəcə yaxın olduğumuz jurnalist Rasim Mustafaoğlu ilə görüşmək üçün Azərbaycan Nəşriyyatına getdim. Söbət əsnasında Rasim Mustafaoğlu MİP qəzetində çalışdığımı öyrəndi və məndən Bakıda qalıb tanınmış bir qəzetdə işləmək istəyib-istəmədiyimi soruşdu. Rasim bəyin bu təklifi və dəstəyini düşünmədən qəbul etdim. Elə həmin gün dönəmin artıq parlamağa başlayan, həftəlik nəşr olunan “Şərq” qəzetində işə başladım.
(Artıq insan həyatında təsadüflərin və şansın çox önəmli olduğuna inanmağa başlamışdım.)
Baş redaktorum Akif Aşırlı, redaktorum Yusif Nəzərlinin, sonsuz dəstəyi və güvəninin, eləcə də yorulmaq-usanmaq bilmədən çəkdiyim zəhmətin bəhrəsi idi ki, cəmi 3 il sonra Mingəçevirə diplomumu almağa gedəndə artıq ölkənin üç-beş ən populyar qəzetinndən biri olan “Şərq”in parlament müxbiri idim.
1997-ci ildə “Şərq”də başlayan peşəkar mətbuatdakı fəaliyyətim düz 15 il sürdü. Bu müddət ərzində “7 gün”, “Ulus”, “Demokratik Azırbaycan”, “Xalqın Səsi”, “Milliyət”, “Hürriyyət”, “Olaylar” kimi tanınmış mətbu orqanlarda müxbir, araşdırmaçı yazar, parlament müxbiri, redaktor və baş redaktor olaraq çalışma fürsətləri yaxaladım.
2007-ci ildə baş redaktoru olduğum həftəlik “Reportyor” qəzetini təsis etdim. Həftəlik qəzetlər arasında qısa müddət ərzində sıralamada önəmli yerlərə gələn “Reportyor” sadəcə 2 il ayaqda dura bildi.
(Təbii ki, səbəb maliyyə dəstəyinin yoxluğu idi. 2011-ci ildə qəzetin çap variantını online davam etdirməyə qərar verdim və reportyor.az saytını yaratdım).
İctimai-siyasi fəaliyyət hər zaman ilgimi çəkdi.
1998-ci ildə Borçalı Cəmiyyətinə üzv oldum, 2020-ci ilə qədər davam edən uzun müddət ərzində qurumda Gənclərlə iş üzrə komissiya sədri, Analitik İnformasiya Departamentinin rəhbəri, İdarə Heyətinin üzvü və sədr müavini vəzifələrini həyata keçirdim.
1999-cu ildə, 23 yaşımda ikən Azərbaycan Ükü Ocaqları dərnəyini qurdum.
(Dərnəyin ömrü cəmi 3 il oldu, lakin bu qısa zaman kəsimində çox faydalı işlər gördük, ciddi təcrübələr əldə etdik)
2004-cü ildə Sevinclə evləndim və bu evlilikdən 2 övladım oldu. 2005-ci ildə Kürşad dünyaya gəldi. İkinci övladım Sərxan isə 36 yaşım olanda, 2012-ci ildə həyatımıza daxil oldu.
2012-ci ilin başlanğıcında qarşıma iş mühitini dəyişmə fürsəti çıxdı. Ölkənin ən məşhur su şirkəti olan “Sirab”ın Bakı Ofisində Reklam və İctimaiyyətlə Əlaqələr müdirliyi təklifi aldım.
2012-ci il Yanvarın 8-də şirkətin qurucu ortaqlarından Alpər bəy Yaycılı ilə görüşdüm. Təxminən 2 saatdan artıq davam edən görüşün sonunda gənc olmasına rəğmən, bu qədər geniş vizyon və mütaliə sahibi, önəm verdiyi dəyərlərin başında dürüstlük, ədəb və əxlaqa yer verən bir şəxsiyyətlə çalışma fürsətinin bir şans olduğuna qənaət gətirdim. Bu sətirləri qələmə aldığım yazdığım gün etibarilə Alpər bəylə 11 ilə yaxındır ki, çiyin-çiyinə çalışıram və aşağıda qeyd edəcəyim karyera pillələrini hər zaman onun dəstəyi və güvəni sayəsində qalxdım.
(Bu gün əmin olduğum bir həqiqət var ki, əgər bir işdə karyera əldə etmək istəyirsənsə, vizyonu olan bir liderlə çalış, dürüst, vicdanlı və əxlaqlı ol, işini sevərək gör, zəhmətdən qorxma. Bəhrəsini bir gün mütləq görəcəksən.)
2012-ci il Yanvar ayının 16-ı həyatımda yeni bir başlanğıc oldu. “Sirab”da fəaliyyətə başlamaqla özümü heç bir zaman kınarda görə bilmədiyim mətbuat dünyasından ayrılıb iş dünyasına ayaq basdım.
Qısa bir müddət ərzində həm reklam, həm də satış bölümlərində də staj keçmək imkanlarım oldu və ardından Təftiş müdiriliyi görəvinə gətirildim.
(Bu sahə ilə yeni tanışlığımın gətirdiyi çətinlikləri bu yöndə təlimlərə qatılmaqla, yorulmadan oxumaq və araşdırmaqla aradan qaldırdım. Əmin oldum ki, insan işini sevər və qarşısına məqsəd qoyarsa, çata bilməyəcəyi hədəf yoxdur).
2013-cü ildə artıq Təftiş bölümü ilə yanaşı Logistika, Kadrlar, Mühasibatlıq və təsərrüfat şöbələrindən də məsul olaraq iş həyatıma davam etdim.
(Verilən hər yeni görəv və məsuliyyət bərabərində həmin sahələri öyrənmək və araşdırmaq zərurətini də gətirirdi ki, bu da şəxsi inkişaf baxımından əvəzolunmaz bir imkandır).
2015-ci ildə şirkətdə İnsan Resursları bölümü yaradıldı və həmin ildən etibarən 2020-ci ilədək İnzibati İşlər və İnsan Resursları Departamentinin direktoru olaraq çalışdım.
Departamentin tərkibinə Təftiş, İnsan Resursları, Təhlükəsizlik və Təsərrüfat şöbələri, kurasiyasına əlavə olaraq dövlət qurumları ilə iş, ictimaiyyətlə əlaqələr, mətbuatla iş, hüquqi məsələlər, əməyin təhlükəsizliyi və s. digər çoxşaxəli sahələr daxil idi.
(İnsan Resursları anlayışı son dərəcə cazibədar və xarakterimə yatqın olduğu üçün bu sahəyə xüsusilə marağım yarandı. İnsan Resurslarının idarə olunması yönündə aldığım təlimlər, etdiyim mütaliələr, praktik fəaliyyətlər son dərəcə faydalı oldu. Bütün idarəçilərə bu sahə ilə mütləq tanış olmağı tövsiyə edirəm).
2020-ci ildə direktorun Əməliyyatlar üzrə müavini təyin olundum. Həmçinin, birbaşa olaraq Logistika, İnsan Resursları, Hüquq və inzibati işlər, Təhlükəsizlik və Təsərrüfat, Arxiv, İctimaiyyətlə Əlaqələr, Dövlət qurumları ilə iş və bənzəri bir sıra fəaliyyətlərdən də məsulam.
Tempolu və asudə zamanımın az olduğu bir iş rejimim olsa da, işimi və şirkətimi ailəm qədər sevir, şirkətimin daha da böyüməsi yönündə fayda təmin etmək üçün əlimdən gələni edirəm.
Bütün bu müddət ərzində yazarlıq məsləyimi heç unutmadım, mətbuatla təmaslarımı kəsmədim.
Rəhbəri olduğum reportyor.az saytı hələ də fəaliyyətini davam etdirməkdədir. Və ən əsası bu illər ərzində qazandığım təcrübəni, mütaliə ilə əldə etdiyim bilgiləri insanlarla paylaşmaq niyyəti ilə blog yazmağa qərar verdim və serkerde.com (liderliyə yolçuluq - şüar) blog səhifəmi qurdum.
Sevgi və sayğılarımla
22 İyul 2022-ci il