Ekranın arxasındakı tələ: sosial media və narkotik təhlükəsi

Uyuşturucu Bulundurmanın ve Kullanmanın Hukuki Sonuçları Nelerdir -  Arabulucu Avukat Özlem Zennup ÖZKÖK 0 541 485 92 48

Narkotik bəlasına həsr etdiyim əvvəlki yazımda “valideyn korluğu”ndan danışmışdım. Yəni bəzən ailənin öz evində baş verən dəyişikliyi gec görüb, zamanında fərqinə varmamasının, övladına qarşı doğru münasibət qura bilməməsinin ağır fəsadlarını oxucunun diqqətinə çatdırmağa çalışmışdım. Bu dəfə isə məsələnin başqa tərəfinə diqqət çəkmək istəyirəm: sosial media və sosial şəbəkələr narkotik təhlükəsində hansı rolu oynayır? Çünki bu gün narkotik təhlükəsini yalnız küçədə, qaranlıq yerlərdə, şübhəli adamların yanında axtarmaq artıq köhnə düşüncədir. Təhlükə formasını dəyişib. İndi o çox vaxt insanın qarşısına birbaşa çıxmır. Əvvəlcə gözə öyrəşir, sonra söhbətə çevrilir. Daha sonra zarafat olur və nəhayətində adam özü də hiss etmədən ona qarşı əvvəlki qədər ayıq qalmır. Məncə, bu gün ən böyük problemlərdən biri məhz budur.

Sosial media narkotiki hər zaman açıq şəkildə təbliğ etmir. Bəzən onun haqqında elə danışılır, elə zarafat edilir, elə görüntülər paylaşılır ki, məsələ yavaş-yavaş adiləşməyə başlayır. Dünən qorxulu sayılan şey bu gün gülməli video olur, sabah mahnı sözünə çevrilir. Bir müddət sonra isə adamın beynində belə bir fikir yaranır ki, “əşşi boş şeydi, o qədər də ciddi məsələ deyilmiş”. Əsl təhlükə də elə buradan başlayır. Çünki narkotikdən pul qazanan adam üçün bundan yaxşı nə ola bilər? İnsan qorxmasın, məsələni ciddi qəbul etməsin və bunu uzaq təhlükə kimi yox, “hamının bildiyi adi şey” kimi görsün.

Çevrim içi zehir tacirleri bir bir enselendi... | Ankara Masası

Narkotik tacirinin işi təkcə satmaq deyil. O, əvvəlcə mühit hazırlayır. Adamın qorxusunu azaldır, marağını artırır, sonra da fürsət axtarır. Sosial media isə bu iş üçün çox geniş və əvəzolunmaz  meydandır. Orada yaş da, maraq da, təklik də, özünü sübut etmək istəyən gənclər də, asan pul axtaranlar da, diqqət istəyənlər də var. Burada söhbət təkcə uşaqlardan getmir. Bu təhlükə yeniyetməyə də aiddir, tələbəyə də, gəncə də, cavana da. Hətta özünü çox ağıllı, çox ayıq, hər şeyi bilən hesab edən yaşlı-başlı adama da. Çünki sosial media hamıya eyni qapıdan yaxınlaşır: telefondan.

Bu məqamda ABŞ-ın Narkotiklərlə Mübarizə Administrasiyasının illərdir “narkotik satan şəbəkələr sosial media və mesajlaşma tətbiqlərindən istifadə edərək insanlara, xüsusilə də gənclərə daha rahat çata bilirlər” xəbərdarlığını xatırlamaq yerinə düşərdi. DEA-nın “Social Media Drug Trafficking Threat” adlı xəbərdarlığında da əsas fikir budur ki, təhlükə artıq insanın cibində gəzdirdiyi telefona qədər yaxınlaşıb. Bu faktın özü çox şey deyir. Əvvəllər narkotik satan adam müəyyən bir yerdə dayanmalı, müəyyən çevrəyə girməli, kiməsə fiziki yaxınlaşmalı idi. İndi isə bu məsafə azalıb. Telefon, sosial şəbəkə, gizli yazışma, saxta adlar, yalan profillər var. İnsan bəzən küçədə yaxın durmayacağı adamla telefonda rahat yazışa bilir. Çünki ekran adama saxta rahatlıq verir. Məsələ də elə buradadır: telefon təhlükəni təhlükəsiz göstərir.

Küçədə şübhəli adam sənə yaxınlaşsa, bəlkə də geri çəkilərsən. Amma sosial şəbəkədə kimsə sənə “dost kimi”, “tanış kimi”, “sadə həmsöhbət kimi” yaxınlaşanda təhlükəni dərhal hiss etməyə bilərsən. Xüsusilə də əvvəlcədən həmin mövzu sənə adi göstərilibsə. Ona görə də sosial mediada narkotikin adiləşdirilməsi təsadüfi məsələ deyil. Bəzən bu, sadəcə düşüncəsiz paylaşım olur. Kimsə zarafat edir, kimsə diqqət toplamaq istəyir, kimsə gördüyünü təkrar edir. Amma nəticə yenə təhlükəlidir. Çünki belə paylaşımlar narkotiki ciddi təhlükə kimi yox, gündəlik söhbətin bir hissəsi kimi göstərir. Amma, məncə, bundan da ağır sual var: bəs bu adiləşdirmə kimə sərf edir? Əlbəttə, cavab aydındır; narkotikdən pul qazananlara. Onlar üçün ən sərfəli cəmiyyət narkotikdən qorxan cəmiyyət deyil. Ən sərfəli cəmiyyət narkotikə gülən, onu zarafata çevirən, “bir dəfə ilə nə olacaq” deyən, təhlükəni uzaqda hesab edən cəmiyyətdir. Çünki belə mühitdə qurban tapmaq daha asan olur. Burada gənclər bəzən yalnız istifadəçi kimi yox, həm də alət kimi görülür. Bu da çox ciddi məsələdir. Bəzi cinayət şəbəkələri gəncləri “asan pul”, “kiçik iş”, “heç nə olmaz” kimi şirnikləndirici sözlərlə tələyə sala bilir. Bir şeyi açıq demək lazımdır ki, narkotik şəbəkələri gəncin həyatını düşünmür. Onlar üçün insanın yaşı, ailəsi, arzusu, gələcəyi maraqlı deyil. Onlar üçün insan ya müştəridir, ya da istifadə olunacaq bir vasitə. Bu qədər soyuq, bu qədər amansız.

Uyuşturucu Ticareti, Kullanma ve Özendirme (TCK 188-191-190) | Ankara 2026

Biz isə çox vaxt bu məsələyə gec ayılırıq. Adam artıq istifadə edəndə, ailə dağılma ərəfəsinə gələndə, pul itəndə, sağlamlıq pozulanda, polis qapıya dayananda hamı narahat olur. Halbuki məsələ çox-çox əvvəl başlayır. Sosial mediada gördüyü görüntüyə güləndə, narkotiklə bağlı sözlər ona adi gələndə, təhlükəni zarafat kimi qəbul edəndə, tanımadığı adamla yazışmağı normal sayanda və s. Hansı ki, biz həmin əvvəli görməliyik.

Burada sosial medianı tamamilə günahkar çıxarmaq da düzgün deyil. Sosial media pis işlər üçün istifadə olunduğu kimi, yaxşı işlər üçün də istifadə olunur. Maarifləndirmə də orada aparılır, faydalı məlumat da orada yayılır, insanlar bir-birinə dəstək də olur. Problem sosial medianın özündə deyil, problem ondan kimin və necə istifadə etməsindədir. Bir bıçaq çörək də kəsə bilər, insanı yaralaya və ya öldürə də bilər. Sosial media da belədir, baxır kim nə üçün istifadə edir.

Amma bir həqiqət gün işığı kimi ortadadır ki, narkotik tacirləri bu meydanı boş buraxmır. Onlar insanların zəif yerini axtarırlar. Kim təkdir, kim maraqlıdır, kimin ona ehtiyacı var, kim özünü göstərmək istəyir, kim ailəsindən uzaqlaşıb, kim dost axtarır, kim diqqət istəyir. Sosial media bütün bunları görmək üçün onlara geniş imkan verir.

Buna görə də bizim mübarizəmiz yalnız “narkotik pisdir” deməklə bitməməlidir. Baxmayaraq ki, hamı bunu məktəbdə də, evdə də, televiziyada da eşidib. Sual isə başqadır: insan buna inanırmı? Gördüyü, izlədiyi, eşitdiyi şeylər onu bu fikrə yaxınlaşdırır, yoxsa uzaqlaşdırır? Əgər sosial şəbəkədə narkotik zarafat kimi görünürsə, zərərli həyat tərzi “azadlıq” kimi göstərilirsə, təhlükəli davranışlar “cavanlıq” adı ilə ötürülürsə, onda quru xəbərdarlıqların təsiri azalır. Ona görə ailə də, məktəb də, media da dili dəyişməlidir. Gənclə yuxarıdan-aşağıya danışmaqla nəticə almaq çətindir. “Sən bilmirsən”, “sən başa düşməzsən”, “telefonu yerə qoy” deməklə məsələ həll olmur. İnsan gördüyünü başa düşməlidir. Ona izah edilməlidir ki, hər gülməli görünən şey zərərsiz deyil. Hər trend olan davranış doğru deyil. Hər çox paylaşılan görüntü həqiqət deyil. Hər yazan adam dost deyil.

Bu, çox sadə cümlədir, amma vacibdir: sosial şəbəkədə sənə yaxınlaşan hər adam xoş niyyətlə yaxınlaşmır. Bunu yeniyetmə də bilməlidir, gənc də, cavan da. Valideyn də bilməlidir, müəllim də, media nümayəndəsi də. Bilməlidilər ki, bu gün narkotiklə mübarizə təkcə küçədə aparılmamalıdır. Bu mübarizə telefonun içində də, paylaşımın altında da, söhbətin və ya zarafatın içində də davam etdirilməlidir.  

Sosial mediada bəzən bir paylaşım sadəcə paylaşım deyil. Bəzən bir zarafat sadəcə zarafat deyil. Yaxud, bir mesaj sadəcə mesaj deyil. Arxasında kiminsə marağı, kiminsə qazancı, kiminsə tələsi ola bilər. Məncə, bu mövzuda ən böyük məsuliyyətlərdən biri də medianın üzərinə düşür. Narkotik haqqında elə yazmaq lazımdır ki, nə onu reklam edəsən, nə də mövzunu ucuz sensasiyaya çevirəsən. Elə danışmaq lazımdır ki, insan qorxsun, amma düşünməyi də bacarsın. Elə xəbərdarlıq etmək lazımdır ki, gənc özünü ittiham altında yox, təhlükədən xəbərdar edilmiş hiss etsin. Çünki məqsəd yalnız qorxutmaq deyil, ayıltmaqdır. Sosial media narkotiki bəzən birbaşa satmır. Əvvəlcə onu qorxulu olmaqdan çıxarır. Onu zarafata çevirir, söhbətə salır, yad hiss etdirmir. Sonra da bu mühitdən istifadə edənlər öz qurbanını daha rahat tapır.

Bu səbəbdən, narkotiklə mübarizə yalnız son mərhələdə, insan artıq asılı olanda, ailə artıq dağılanda, gənc artıq tələyə düşəndə başlamamalıdır. Mübarizə daha əvvəl başlamalıdır; narkotik haqqında münasibət dəyişəndə, ona güləndə, onu adi sayanda, onu “hamının bildiyi şey” kimi qəbul edəndə. Sosial şəbəkədə tanımadığın adamın yaxınlaşmasını normal qarşılayanda. Biz bu mərhələni görməsək, sonra çox gecikmiş olacağıq. Çünki narkotik təkcə maddə deyil, o həm də pul qazanan bir şəbəkədir, qurban axtaran bir sistemdir, zəif anı gözləyən bir təhlükədir. Və bu təhlükə bu gün bəzən qapını döymür. Sadəcə ekranda görünür.

Sərkərdə SƏRXANOĞLU

Şərhlər
Şərh yaz
  • Смайлы и люди
    Животные и природа
    Еда и напитки
    Активность
    Путешествия и места
    Предметы
    Символы
    Флаги
{sape_links}