Uğur qazanmaq istəyirsən? O zaman eşşəyə tərsinə min

Bir gün Molla Nəsrəddin eşşəyin üstündə tərsinə oturub gedirmiş. Bunu görənlər gülüb Molladan soruşurlar:

- "Ay Molla, niyə eşşəyin üstündə tərsinə oturmusan"?

Molla cavab verir:

- "Arxadan gələn təhlükələri görmək üçün".

Adamlar soruşurlar:

- "Bəs öndəki təhlükələr"?

Molla cavab verir:

- "Öndən gələn təhlükəni eşşək də görür".

 

Həyatımızda bəzən elə anlar olur ki, bir dəfə də olsun geriyə baxmadan irəliləmək istəyirik. Sanki gözlərimizi qarşıda duran hədəfə dikib, keçmişimizi silmək, ona bir daha qayıtmamaq kimi bir arzumuz var. Hər şey düzənlidir, yollar hamar, hədəflər aydındır. Ancaq bəzən yolun ən çətin hissəsində səndən soruşurlar: niyə irəli baxmırsan, niyə geridə qalanları görmədən davam edirsən? Və sənin cavabın nə olmalıdır? Eynilə Molla Nəsrəddin kimi: "Arxadan gələn təhlükəni görmək üçün".

Molla Nəsrəddinin bu lətifəsi bizə bir dərs verir – uğura gedən yolda hər zaman önümüzdə olanı deyil, arxamızda qalanları da izləməliyik. Biznesdə və karyerada uğur qazanmaq istəyənlər üçün bu, bəzən başa düşülməsi çətin, lakin çox vacib bir anlayışdır. Arxadan gələnləri nəzərə almadan yalnız irəliyə fokuslanmaq, bir lideri və ya sahibkarı güclü deyil, yarımçıq edər.


Görünməyən qorxular və arxadan gələn təhlükələr


Karyera yolunda və ya bir işin inkişafı zamanı çoxları irəliyə baxmağı üstün tutur. Biznes planları, inkişaf strategiyaları, rəqiblərlə mübarizə – bütün bunlar irəlidədir, bizi çağıran bir hədəfdir. Ancaq bir həqiqət də var ki, geriyə baxmadan irəliləmək sanki yalnız bir gözlə baxmağa bənzəyir. Arxada nə var? Nəyi itirdik? Kimlər bizi izləyir? Hər zaman irəliyə baxmaq, keçmişin dərslərindən qaçmaq deməkdir.

Əslində, eşşəyə tərsinə minmək bir metafordur – bu, yalnız irəliyə deyil, keçmişə də qiymət vermək anlamına gəlir. Arxadan gələn təhlükələr bizi izləyir və əgər onlara diqqət yetirməsək, ayağımızın altındakı torpaq yavaş-yavaş sürüşəcək. Hər bir uğurlu iş adamı bilir ki, keçmişin səhvlərini, uğursuzluqlarını nəzərə almadan qurulan gələcək risklidir. Çünki arxadan gələn fırtına səni bir anda geriyə ata bilər.

 


Komanda ruhu və irəliyə baxış


Molla Nəsrəddin deyir ki, "Öndən gələn təhlükəni eşşək də görür." Bu sözlərdə bir həqiqət yatır: lider hər şeyi təkbaşına həll etməməlidir. Komanda işində hər kəsin gücü və bacarıqları əhəmiyyətlidir. Bəzən irəliyə baxmaq üçün sənə kömək edən birisi olmalıdır. Liderlər, çox zaman, önəmli qərarlar verərkən yalnız öz instinktlərinə güvənir. Ancaq güclü bir liderlik o deməkdir ki, ətrafındakıların baxışlarını da dəyərləndirə bilirsən.

Bir biznesi uğurla idarə etmək, yalnız liderin baxışlarına bağlı deyil; işçilərin, partnyorların və hətta müştərilərin də baxışlarını nəzərə almaq vacibdir. Eşşəyin arxasında oturan lider kimi, hər iki istiqamətdə də güvənli olmaq üçün ətrafındakılara güvənməlisən.


Risk İdarəetməsi və keçmişin dərsləri



 Həyat və iş dünyası risklərlə doludur. Hər uğurlu addımda bir risk var. Biz risklərdən qaçmaq əvəzinə onları qabaqcadan görə bilsək, bu, bizi bir addım irəli aparar. Molla Nəsrəddinin tərsinə oturması, əslində, hər bir lider üçün gözəl bir strategiyanı təmsil edir: arxadan gələn təhlükəni görmək, keçmişi dərk etmək və bu məlumatlardan istifadə edərək irəliyə doğru daha etibarlı addımlar atmaq. Hər bir uğurlu iş adamı keçmişində uğursuzluqlar yaşamışdır. Bu uğursuzluqların səbəblərini analiz edib, gələcəkdə eyni səhvləri təkrarlamamaq ən doğru strategiyadır.


Uğurun sirri: Həm irəli, həm geri baxmaq


Molla Nəsrəddin bizə göstərir ki, bəzən ən sadə görünən hərəkətlər ən dərin mənaları daşıyır. Biznesdə və karyerada uğur qazanmaq istəyənlər üçün bu lətifə bir xəbərdarlıqdır: yalnız qarşıda duranlara fokuslanmaq kifayət deyil. Keçmiş təcrübələrdən öyrənməli, arxada qalanları nəzərə almalıyıq. Çünki bəzən uğura gedən yol, Molla kimi eşşəyə tərsinə minərək, hər iki istiqaməti görməklə mümkündür.


Sərkərdə Sərxanoğlu

Şərhlər
Şərh yaz
  • Смайлы и люди
    Животные и природа
    Еда и напитки
    Активность
    Путешествия и места
    Предметы
    Символы
    Флаги